Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına yekun vurulub.

Final görüşlərindən əvvəl Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçirilib.

Tədbirdən sonra final oyunlarına start verilib. Əvvəlcə kişi həndbolçular mübarizə aparıblar. Günün ilk matçında “Bakı” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrinə qalib gəlib – 2:0.

“Təhsil”  – “Məhsul” görüşü 2:1 hesabı ilə nəticələnib. Beləliklə, “Məhsul” klubu çempionatın qızıl, “Bakı” komandası gümüş, “Təhsil” kollektivi isə bürünc medalına layiq görülüb.

Qadın həndbolçular arasında keçirilən oyunlar belə nəticələnib:

“İdman Akademiyası” – “Azəryol-1” – 0:2, “Azərsu” – “Azəryol – 2” – 1:2, “Nur” – “Qarabağ” – 1:2. Nəticələrə əsasən, Mingəçevirin “Nur” komandası ikiqat ölkə çempionluğunu rəsmiləşdirib. “Azəryol-1” gümüş, “Qarabağ” bürünc medallara yiyələnib.

Mükafatlandırma və təntənəli bağlanış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov  üç gün davam edən çempionatın uğurla başa çatdığını bildirib. Qalibləri təbrik edən və onlara uğurlar arzulayan vitse-prezident mükafatçılar sırasından kənarda qalan komandalara ruhdan düşməməyi və gələcək oyunlara daha yaxşı hazırlaşmağı arzulayıb.

Sonda isə qalib və mükafatçılar təltif ediliblər.

Xatırladaq ki, avqustun 18-də start verilən çempionatda ümumilikdə, 21 oyun keçirilib.

Leave a Reply