Qonağı salamlayan AHF-nin birinci vitse-prezidenti Orxan Abbasov Azərbaycanda idmanın bütün sahələrinə olduğu kimi, həndbolun da inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. O qeyd edib ki, AHF-nin rəhbərliyindəki dəyişiklikdən sonra həndbolun inkişafı istiqamətində böyük irəliləyişlər baş verib. İstər paytaxt Bakıda, istərsə də digər şəhərlərimizdə mövcud problemlər araşdırılaraq aradan qaldırılıb, Uşaq Gənclər İdman məktəblərindəki vəziyyət nəzarətə götürülüb.
O. Abbasov komandaların sayının artırılması üçün atılan addımların artıq bəhrə verdiyini, kütləviliyin təmin olunduğunu və ehtiyat qüvvə probleminin aradan qaldırıldığını deyib.
O, əldə olunan uğurların Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idman sahəsində apardığı dövlət siyasəti ilə yanaşı, idmanın yüksəlişinə qayğısının təzahürü olduğunu vurğulayıb.
Azərbaycanda həndbolun hazırkı vəziyyəti ilə tanış olduğunu və inkişaf prosesindən razı qaldığını deyən DHF-nin prezidenti Həsən Mustafa Azəryol və Azərsu komandalarının dostluq matçını izləyərkən buna bir daha şahid olduğunu bildirib. O, qarşılaşmadan sonra məşqçi heyəti və oyunçularla görüşdən məmnun qaldığını, onlara lazımi tövsiyələrini çatdırdığını deyib.
Həndbolun inkişafı üçün Azərbaycanda lazımi səviyyədə bazanın olduğunu qeyd edən DHF-nin prezidenti tezliklə ölkəmizdə dünya səviyyəli həndbolçuların yetişəcəyinə inandığını bildirib. Bunun üçün DHF və AHF arasında sıx əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. O, yaxın zamanlarda həndbol üzrə mötəbər yarışların Azərbaycana həvalə olunmasına böyük ümid bəslədiyini, ölkəmizin digər idman növlərində olduğu kimi, həmin tədbirləri də yüksək səviyyədə təşkil edəcəyinə inandığını vurğulayıb.
Tədbirin sonunda Həsən Mustafaya İslam Həmrəyliyi Oyunlarının xatirə medalı təqdim olunub.