Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinə bu gün yekun vurulub. Yarış təşkilatçıları və turnirə qatılan Gürcüstanın nümayəndə heyəti həlledici oyunlardan əvvəl fəxri xiyabanda olub. Ulu öndər Heydər Əliyevin xatirəsi dərin hörmətlə anılıb, abidəsi önünə gül dəstələri qoyulub.

Turnirin son oyun günü   gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb.  “Batumi” və Gürcüstanın “U-20” komandasının görüşündə  qalibin adına bir xal aydınlıq gətirib – 37:36. Gərginliyi ilə heç də geri qalmayan “Bakı”  – “Məhsul” matçında isə  ikincilər 41:39 hesabı ilə qalib gəliblər.

Üç gün davam edən maraqlı mübarizənin nəticələrinə əsasən, “Məhsul” komandası yarışın baş mükafatına layiq görülüb. “Bakı” və “Batumi” kollektivləri “ilk üçlüyü” qapayıblar.

Bağlanış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov  Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. Həmin siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Orxan Abbasov  Azərbaycanın dünyanın idman mərkəzinə çevrilməsini məhz bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Gözəl və maraqlı mübarizəyə görə həndbolçulara minnətdarlığını bildirən federasiya rəsmisi  qaliblərə təbriklərini çatdırmaqla yanaşı, digər komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edərək  gələcək yarışlarda uğurlar arzulayıb. Bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident  Gürcüstan həndbolçuları ilə təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir ənənəvi xaratkter daşıyır.