Paytaxtımız ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol yarışına ev sahibliyi edir. Xatirə turnirində Azərbaycanın və Gürcüstanın kişi həndbolçuları mübarizə aparırlar. Ölkəmizi bu yarışda Azərbaycan çempionu “Bakı” və yenicə başa çatan çempionatın gümüş mükafatını qazanan “Məhsul” komandası təmsil edir. Həndbolçularımızın rəqibləri isə  Gürcüstanın “U-20” və “Batumi” kollektivləridir.

Yarışın açılış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran  federasiyanın vitse-prezidenti Orxan Abbasov nitqinə ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı ilə başlayıb. Ümummilli liderin idmana göstərdiyi diqqət və qayğıdan söz açan Orxan Abbasov həmin siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Federasiya rəsmisi  Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının, təmsilçilərimizin beynəlxalq arenalarda böyük uğurlara imza atmasının  məhz bu siyasətin bariz nümunəsi olduğunu bildirib.

Qonaqları gürcü dilində salamlayan O. Abbasov  yarış iştirakçılarına uğurlar arzulayıb.

Turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə nəticələnib. Azərbaycan çempionu “Bakı” Gürcüstanın “U-20” komandasına 36-34 hesabı ilə qalib gəlib. “Məhsul” isə “Batumi” üzərində daha inamlı qələbə çalıb – 37-28.

Mayın 10-da “Batumi” – “Bakı” və Gürcüstan “U-20” – “Məhsul” görüşləri keçiriləcək. Xatirə turnirinin qalibi mayın 11-də müəyyənləşəcək.