Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinin ikinci günündə növbəti oyunlar keçirilib.

Ölkə çempionu “Bakı” ilə “Batumi”nin görüşü daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 42:40 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Digər təmsilçimiz “Məhsul” isə Gürcüstanın “U-20” komandasını məğlubiyyətə uğradıb – 30:26.

Xatırladaq ki, turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə başa çatmışdı. “Bakı” Gürcüstanın “U-20” komandasına 36:34, “Məhsul” isə “Batumi”yə 37:28 hesabı ilə qalib gəlmişdi.

Xatirə turnirinə mayın 11-də yekun vurulacaq. Yarışın sonuncu günü “Batumi” kollektivi Gürcüstanın “U-20” komandası ilə, “Bakı” həndbolçuları isə “Məhsul”la üz-üzə gələcəklər.